Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası #igidəsgərmöhkəmdayan həştəqi ilə vətənpərvərlik ruhlu videoçarxlar hazırlayıb.

Virtual oxucular tərəfindən vətənpərvərlik ruhunda söylənən şeir və ifa olunan mahnılar, vətən uğrunda canından keçən şəhidlərə həsr olunan videoçarxlar sosial şəbəkələrdə yerləşdirilib. Kitabxananın şöbə müdiri Aysel İsmayılova hazırladığı videoçarxda “Şəhid anası” şeirini, şöbənin əməkdaşı İradə Hüseynova isə “Şəhidlik zirvəsi” şeirini söyləyib.

Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Videoçarxların əsas qayəsi “Vətən qarşısında hər vətəndaş öz borcunu fəaliyyət göstərdiyi istiqamətdə yerinə yetirməli və lazım gəldikdə müsəlləh əsgərə çevrilməlidir” ideyasıdır.

***

Respublika Gənclər Kitabxanası Ağdam rayonunun işğalının 27-ci ildönümü ilə əlaqədar videoçarxlar hazırlayaraq sosial şəbəkə səhifəsində təqdim edib.

 “Ağdam: yaddaşımızın tarixi – tariximizin yaddaşı” adlı videoçarxda Ağdamın tarixi, ərazisi, təbiəti, mədəniyyət abidələri haqqında söz açılır. Həmçinin rayon uğrunda gedən döyüşlərdə şücaət göstərən Ağdamdan olan Milli Qəhrəmanlar – Allahverdi Bağırov, Asif Məhərrəmov, Canpolad Rzayev, Yelmar Edilov haqqında məlumatlar yerləşdirilib.