Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası onlayn fəaliyyətini davam etdirir. Yeni layihə olaraq “Dünyanın qeyri-adi kitabxanaları” adlı yeni virtual səyahət videoçarxı hazırlanır.

Kitabxananın Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Səadət Şəfiyeva tərəfindən hazırlanan videoçarxlar silsilə xarakter daşıyır. Videoçarxlarda xarici görünüşü ilə fərqlənən dünyanın qeyri-adi kitabxanalarından Fransada Lui-Nyusser, İtaliyada Sandro Penna, Çində Liyuan kitabxanaları, habelə Minsk şəhərindəki Belarus Milli Kitabxanası, Qazaxıstan Milli Kitabxanası, ABŞ-ın Kaliforniya Universitetinin Qeyzel Kitabxanası, Danimarkanın Kral Kitabxanası haqqında bəhs olunur. Həmçinin Meksikada A47 adlanan mobil kitabxana, Nyu-York şəhərinin metro stansiyasında inşa edilən kitabxana, Keniyada “Dəvə kitabxanası”, İsveçdə “Sonsuz kitabxana” və digər qeyri-adi kitabxanalar haqqında məlumat verilir. “İnstagram” və “Facebook” səhifələrində izləyicilərin diqqətinə təqdim edilən videoçarxlar ayrı-ayrı kitabxanaların aid olduğu ölkələrin musiqiləri ilə müşayiət olunur.