İyulun 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə “Milli mətbuat – 145” adlı virtual sərgi təqdim edilib.

Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan milli mətbuatının inkişafına dair rəsmi sənədlər, Milli Kitabxananın arxiv fondunda mühafizə olunan dövri mətbuat nümunələri, mətbuat və jurnalistikamızın inkişaf tarixini əks etdirən kitab və məqalələrin elektron resursları yer alıb. Mətbuatımızın keçdiyi tarixi yolu əks etdirən resurslar tam mətnləri ilə verilib.

Virtual sərgi ilə http://anl.az/el/vsb/22_iyul/index.html linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Milli Kitabxanasının arxiv fondu “Əkinçi”, “İqbal”, “Açıq söz”, “Həyat”, “İqdam” və digər ilk dövri mətbuat nümunələrimizin orijinal nüsxələri ilə zənginləşib.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın ötən ildən həyata keçirilməyə başladığı birgə layihə çərçivəsində XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda nəşr olunan milli mətbuatımızın nümunələri – “Əkinçi”, “İqbal”, “Açıq söz”, “Həyat”, “İqdam”, “Yeni İqbal” və digər nəşrlərin orijinal nüsxələrinin tam komplektləri Milli Kitabxananın arxiv fonduna daxil olub.

Uzun müddət Milli Kitabxana bu qəzetlərin Sankt-Peterburq, Moskva, Daşkənd, Aşqabad və digər şəhərlərdəki kitabxanalardan topladığı foto və surətlərini oxucularına təqdim edirdi. Əski əlifba (ərəb əlifbası) ilə çap olunmuş qəzetlərin foto və surətlərində hərflərin üzərində və altında qoyulan nöqtələr, digər işarələr yaxşı oxunmadığına görə bir sıra çətinliklər yaranırdı. Milli Kitabxana bu çətinlikləri aradan qaldıraraq əksər ilk milli mətbuat orqanlarımızın orijinal nüsxələrini öz oxucularına çatdırmaq imkanı əldə edib. Hazırda həmin nəşrlərin rəqəmsallaşdırılması prosesinə başlanılıb və tezliklə onların elektron nüsxələri kitabxananın saytı vasitəsilə oxuculara təqdim olunacaq.

Bundan başqa, Xalq yazıçısı Elçin “Azərbaycan” qəzetinin 1919-1920-ci illərdə rus dilində dərc olunan nüsxələrinin tam komplektlərini də Milli Kitabxanaya hədiyyə edib. Rəqəmsallaşdırılmış materiallar tezliklə oxucuların ixtiyarına veriləcək.