Almaniya Müstəqil Səyahət Şirkətləri Alyansı – Federal Assosiasiyasının (ASR) internet səhifəsində Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovun “Azərbaycanın turizm profili” başlıqlı məqaləsi dərc olunub (https://www.asr-berlin.de/ausschuss-internationale-beziehungen/azerbaijans-tourism-profile/).

Məqalədə ölkəmizdəki multikulturalizm modeli, alman irsi, turizm sənayesi və bu sahənin etno, tibbi, aqroturizm kimi istiqamətləri barədə ətraflı bəhs olunur. Həmçinin, ölkəmizin tarixi-mədəni irsinin dünyada tanınması, ilk dəfə 2000-ci ildə Bakının tarixi mərkəzinin – İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi diqqətə çatdırılır.

Məqalədə vurğulanır ki, Azərbaycanın tarixi və mədəniyyəti müxtəlif sivilizasiyaların xüsusiyyətlərini əhatə edir. Azərbaycan sivilizasiyalar arasında mühüm körpü, eləcə də multikulturalizm, qonaqpərvərlik və tolerantlıq üçün unikal məkan qismində beynəlxalq nüfuz qazanıb. Bütün dinlərin nümayəndələri ölkədə bərabər şəkildə yaşayırlar. Bu xüsusda ölkə müxtəlif turist qrupları üçün maraqlı səyahət məkanıdır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər (Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Beynəlxalq Humanitar Forum) multikulturalizmin bariz nümunələridir. Mədəni və dini müxtəlifliyin təbliği, eləcə də multikulturalizm qovşağı qismində Azərbaycanın təşviqi məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.

Yazıda Azərbaycanda alman irsindən söhbət açılaraq bildirilir ki, bu tarix 200 il bundan öncə başlanıb. XIX əsrin əvvəlində Vürttemberqdən gələn alman icmaları Azərbaycanda məskunlaşıb. Onlar Azərbaycan cəmiyyətinə inteqrasiya edərək xüsusilə ölkədə aqrar sənayenin inkişafına əhəmiyyətli töhfə veriblər. Almanlar yeni üzüm bağları salmaqla, şərab sənayesinə başlamaqla və şərab istehsalını Avropa şərablarına münasibətdə rəqabət qabiliyyətli etməklə Azərbaycanda bu sahənin inkişafında mühüm rol oynayıblar.

Qafqazda alman mədəniyyətinin qovşağına çevrilmiş Göygöl (Helenendorf) həmçinin şərab sənayesinin inkişafı üzrə məşhurlaşıb. Bu gün Göygöl şəhərində yüzlərlə alman üslublu evlər qalmaqdadır, onlardan biri də hazırda muzey qismində fəaliyyət göstərən, Göygöldə sonuncu alman sakin olmuş Viktor Klaynın evidir. Azərbaycanın ilk Lüteran kilsəsi də Göygöldə inşa edilib.

Qeyd edilir ki, almanların Azərbaycanda məskunlaşdığı, sonradan şərabçılığın mərkəzi kimi məşhurlaşmış digər şəhər Şəmkirdir (Annenfeld). Bu şəhər də alman üslublu evlər və Lüteran kilsəsi ilə bu gün də həmin tarixin izini saxlayır. Alman arxitekturasının digər məşhur nümunəsi Bakıdakı Lüteran kilsəsidir.

Bundan əlavə, yazıda bildirilir ki, XIX əsrin sonunda almanlar Naftalanda yaraların müalicəsi məqsədilə məlhəm istehsalı üzrə ixtisaslaşmış şirkət açıblar. Naftalan nefti əsasında hazırlanmış dərmanlar əczaçılıq sahəsində əsl sensasiya doğurub, Avropadakı apteklərdə və kosmetika mağazalarında satılıb.

Vurğulanır ki, tarixi, dini və mədəni abidələri özündə ehtiva edən alman irsi Azərbaycanda qorunub saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2016-cı il tarixli sərəncamına uyğun olaraq, almanların Azərbaycanda məskunlaşmasının 200 illiyi 2017-ci ildə ölkədə və xaricdə geniş şəkildə qeyd edilib.