Masalar arasında iki metr məsafə

Karantin rejiminin yumşaldılması ilə bağlı tədbirlərin davamı kimi yaxın günlərdə restoran və kafelərin müəyyən şərtlər üzrə fəaliyyətinə icazə veriləcəyi gözlənilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində riayət edilməsi zəruri olan qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. Məlumata əsasən, ictimai iaşə müəssisələrinə müştəri qəbulu üçün adambaşına müəyyən edilən sahə 2 qat artırılmalı, qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda masalararası məsafə 2 metr, masalar arxasındakı oturacaqlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır.

Qeyd edək ki, bu məsələ ilə bağlı Nazirlər Kabineti də “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib. Qərara əsasən, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarda, habelə açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. İndiyədək bu şərt ancaq yemək zallarına aid idi.