Turizmin mərhələli bərpası müzakirə edilib

Avqustun 19-da Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) və “BBC World News”un birgə təşkilatçılığı ilə turizm destinasiyalarının pandemiya dövründə fəaliyyətinə dair silsilə görüşlər çərçivəsində ilk görüş Azərbaycana həsr olunub.

“Destinasiyalara baxış: Azərbaycan” mövzusunda keçirilən görüşdə Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid BBC-nin “The Travel Show” verilişinin aparıcısı Rajan Datarın suallarını cavablandırıb.

F.Zenqstşmid son illərdə Azərbaycanda iqtisadiyyatın diversifikasiyası baxımından turizmin xüsusi önəm kəsb etməsi, Azərbaycanın turizm destinasiyası kimi formalaşması, turizm sənayesinin inkişafında dövlətin rolu, hədəf bazarlarda görülmüş işlər barədə məlumat verib.

O, hazırkı dövrdə sağlamlıq və təhlükəsizliyin əsas amil olduğunu vurğulayaraq pandemiyanın turizm sənayesinə təsirləri, bu təsirlərin minimuma endirilməsi üçün  görülən tədbirlər və turizmin mərhələli bərpa planı haqqında danışıb.

Müsahibə zamanı Azərbaycanın multikultural dəyərləri, etnik və dini müxtəlifliyi, tarixi-mədəni irsi ilə yanaşı, müasir infrastrukturu, ölkəmizin Formula 1, Avropa Oyunları, Avroviziya, İslam Həmrəylik Oyunları, UEFA-nın Avropa Liqasının final oyunu kimi beynəlxalq əhəmiyyətli yarışların təşkilatçılığında uğurlu təcrübəyə malik olduğu diqqətə çatdırılıb.

Tədbirin ikinci hissəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov, Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam, “Pasha Travel” şirkətinin baş əməliyyat direktoru Çingiz Mürsəlov və AZAL-ın aviasərnişin daşımaları üzrə direktoru Cəmil Manizadə panel müzakirədə iştirak ediblər. Müzakirələrdə Azərbaycan Turizm Bürosunun marketinq kampaniyası və pandemiyanın kampaniyaya təsiri, ATB tərəfindən təşkil olunmuş vebinarlar, Azərbaycanın turizm imkanları barədə beynəlxalq turizm sənayesinin nümayəndələri üçün onlayn platforma vasitəsilə keçirilən təlimlər, eyni zamanda mövcud reyslər və hava nəqliyyatı sektorunun gələcəyi müzakirə olunub.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi 2019-cu ildən Asiya-Sakit Okean regionu üzrə beynəlxalq turizm platforması rolunu oynayan Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) təşkilatının üzvüdür.