Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov milli musiqi sənətimizin görkəmli nümayəndəsi, ustad xanəndə, Xalq artisti Alim Qasımovu ad günü (14 avqust) münasibətilə təbrik edib.

Təbrikdə sənətkarın Azərbaycan mədəniyyətinə, muğam sənətimizin yaşadılması, təbliği və dünyada tanıdılmasına böyük töhfələr verdiyi vurğulanıb. Qeyd olunub ki, Alim Qasımov 40 ilə yaxındır Azərbaycan muğam ifaçılığının ən parlaq simalarından biri kimi ölkəmizdə və onun hüdudlarından uzaqlarda tanınır və sevilir. Alim Qasımovun səsi ilə milli muğam sənətimiz dünyanın mötəbər konsert salonlarında, UNESCO-da yüksək səviyyədə təqdim olunub və rəğbətlə qarşılanıb. Beynəlxalq festival və müsabiqələrin qalibi olan sənətkar UNESCO-nun Musiqi mükafatına, müxtəlif ölkələrin təltiflərinə, həmçinin Azərbaycan Respublikasının Dövlət mükafatına, “Şöhrət” və “Şərəf” ordenlərinə, Heydər Əliyev Fondunun “Qızıl Çinar” Beynəlxalq mükafatına layiq görülüb.

Anar Kərimov Alim Qasımova ən xoş arzularını bildirib, ona möhkəm cansağlığı, yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayıb.

***

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tanınmış aktrisa, Xalq artisti Afaq Bəşirqızını doğum günü (15 avqust) münasibətilə nazirliyin kollektivi və öz adından təbrik edib, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.

Təbrikdə aktrisa öz peşəsinə, Azərbaycan teatr sənətinin zəngin ənənələrinə sadiq sənətkar kimi səciyyələndirilir, yaratdığı obrazların ona böyük tamaşaçı sevgisi qazandırdığı bildirilir. Vurğulanır ki, A.Bəşirqızının Azərbaycan səhnə sənətinə verdiyi töhfələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. “Əminik ki, bundan sonra da təcrübənizi Azərbaycan teatrına sərf edəcək, milli mədəniyyətimizin inkişafı üçün öz dəyərli xidmətlərinizi əsirgəməyəcəksiniz”, - deyə təbrikdə bildirilir.

***

Anar Kərimov tanınmış aktyor, Xalq artisti Cəfər Namiq Kamalı da anadan olmasının (17 avqust) 70 illiyi  münasibətilə təbrik edib. Təbrikdə aktyorun teatr sənətinə töhfələri, uzunillik yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. Anar Kərimov yubilyara möhkəm cansağlığı, yeni uğurlar arzu edib.

Cəfər Namiq Kamal (Əhmədov) Gənc Tamaşaçılar Teatrında çalışıb, televiziya tamaşaları və filmlərdə maraqlı rollar oynayıb. Hazırda Akademik Milli Dram Teatrının aparıcı səhnə ustasıdır.