Arxeoloq Qafar Cəbiyevin 70 illiyi qeyd olunur

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə tanınmış arxeoloq alim, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyevin 70 illik yubileyi müxtəlif tədbirlərlə qeyd olunur.

Dövlət Xidməti, “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 14-16 avqust tarixlərində arxeoloqun 70 illiyi ilə bağlı vebinarlar keçirib.

İlk vebinar “Arxeoloji ekspedisiya: Şamaxı” mövzusuna həsr olunub. Vebinarın moderatoru “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, məruzəçiləri “Azərbərpa” Layihə-Tədqiqat İnstitutunun direktoru, memarlıq üzrə fəlsəfə doktoru Telman Kərimli, Qafar Cəbiyevin ekspedisiyalarının üzvləri – tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova və Vüsal Həsənov olublar. Vebinarda Şamaxının Dəmirçi kəndində yerləşən Gəgəli yaylağı nekropolu və “Ömər Sultan” ziyarətgahında aparılan arxeoloji tədqiqatlardan və onun nəticələrindən danışılıb.

Vebinarlarda Qəbələ-İsmayıllı və Ağsu-Kürdəmir abidələrindən, aparılan arxeoloji tədqiqatlardan da bəhs edilib.

Yubiley tədbirləri çərçivəsində avqustun 25-26-da  “Azərbaycan arxeologiyasının inkişafında Qafar Cəbiyevin rolu” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq. Konfransda Azərbaycan arxeologiyası, onun orta əsrlər mərhələsi, şəhər mədəniyyəti, Qafqaz Albaniyası, Girdiman vilayəti, qala istehkamları, Orta əsr sənətkarlığı, dini xatirə kompleksləri mövzularında müzakirələr aparılacaq.