Prezident İlham Əliyev avqustun 24-də Xalq şairi Fikrət Qocanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə yüksək dövlət təltifinə layiq görülüb.

Qeyd edək ki, avqustun 25-də Fikrət Qocanın 85 yaşı tamam olub.

Prezident İlham Əliyev avqustun 24-də şairə telefonla zəng edərək ona yubiley münasibətilə təbriklərini çatdırıb, yaradıcılıq fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident Fikrət Qocanın Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərini qeyd edərək onun əsərlərinin geniş oxucu auditoriyası tərəfindən həmişə böyük maraqla izlənildiyini vurğulayıb. Dövlətimizin başçısı Fikrət Qocanın “İstiqlal” ordeni ilə təltif olunduğunu deyib və şairi bu münasibətlə də təbrik edib.

Xoş sözlərə və təbriklərə görə dərin minnətdarlığını bildirən Fikrət Qoca “İstiqlal” ordeni ilə təltif olunmasını dövlət tərəfindən onun yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib. Ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayan Fikrət Qoca ümummilli liderlə görüşlərini məmnunluq hissi ilə xatırlayıb. Fikrət Qoca bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və bir daha göstərilən diqqətə görə minnətdarlığını bildirib.