İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Dünya Su Şurası (WWC) ilə birgə keçirdiyi virtual seminarda su təhlükəsizliyi məsələləri müzakirə edilib. Tədbir 2021-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək IX Dünya Su Forumuna hazırlıq çərçivəsində təşkil olunub.

İCESCO-nun baş direktoru Salim Malik və Dünya Su Şurasının prezidenti Lui Fuşon çıxışlarında bildiriblər ki, iqlim dəyişiklikləri fonunda dünya su ehtiyatlarının idarə edilməsi müasir texnologiyalar vasitəsilə həyata keçirilməlidir. Qlobal istiləşmə şirin su mənbələrinin azalmasına səbəb olur. Planetimizin bir çox yerlərində, xüsusən Afrikada quraqlıq ərzaq qıtlığı yaradır. Bu baxımdan İslam ölkələrinin donor dəstəyi böyük əhəmiyyətə malikdir.

Müzakirələrin sonunda ikitərəfli əməkdaşlığa dair razılıq əldə olunub. Qeyd edilib ki, bu il iyulun 27-də keçirilən “İslam dünyasında sülh və inkişaf naminə su təhlükəsizliyi” mövzusunda virtual müzakirələr bu sahədə mühüm addımdır.

İCESCO və WWC, həmçinin fəaliyyət planını həyata keçirmək üçün birgə komissiya yaradılması barədə qərar qəbul ediblər. Planda su çatışmazlığından əziyyət çəkən ölkələrin, xüsusən Afrika qitəsinin əhalisinin içməli su ilə təchiz edilməsi tədbirləri nəzərdə tutulur.