Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Xalça Muzeyində turistlər tərəfindən rahatlıqla istifadə edilən audiobələdçi mətnlərinin sırasına Ukrayna dilində də audiobələdçi əlavə olunub. Ziyarətçilər muzey haqqında məlumatları Azərbaycan, rus, ingilis və fransız dilləri ilə yanaşı, artıq Ukrayna dilində də dinləyə biləcəklər.

Layihə Azərbaycan Milli Xalça Muzeyi və Ukraynanın ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib. Əməkdaşlıq çərçivəsində Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Milli Xalça Muzeyində maraqlı videoçarx da lentə alınıb. Ukraynanın Müstəqillik Günü münasibətilə hazırlanan videoçarxda muzeyin direktoru Şirin Məlikova və Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski birgə layihədən bəhs ediblər. Ş.Məlikova həmçinin dost Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.