Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının “Digitalart-lab” adlı yeni layihəsi davam edir. Dünyada gedən sürətli rəqəmsallaşma, innovasiyaların müxtəlif sahələrdə tətbiqi incəsənət sahəsində də aktuallaşıb. “Digitalart-lab” Azərbaycanda rəqəmsal incəsənətə həsr olunmuş ilk irimiqyaslı layihədir.

Layihə ölkəmizdə rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılığındakı bədii tendensiyaları, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.

“Digitalart-lab” layihəsinin Mədəniyyət Nazirliyinin “Gənc rəssamlarla iş” konsepsiyasına uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin bir neçə mərhələdə reallaşması planlaşdırılır. İlkin mərhələdə bu sahədə fəaliyyət göstərən rəssamların əsərlərinə baxış keçiriləcək. Sonrakı mərhələdə ekspertlər tərəfindən seçilən iştirakçılara digital sahədə çalışan rəssam Natiq Kamal və digər mütəxəssislər tərəfindən onlayn treninq və seminarlar təşkil olunacaq. Növbəti mərhələdə sənət mübadiləsi və layihənin nəticəsi olaraq virtual sərgi, iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulur.

Layihədə iştirak etmək istəyənlər portfoliolarını sentyabrın 30-dək “Digitalart-lab” başlığı ilə qalereyanın e-mail ünvanına (resmqalereya@gmail.com) göndərə bilərlər. Seçilmiş namizədlərin adları oktyabr ayının əvvəlində elan olunacaq.