Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə “Rəqəmsal jurnalistikaya doğru” ikinci proqram reallaşdırılacaq.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılması və bu xidmətlərin vətəndaşlar arasında təbliğ edilməsidir.
Proqramda informasiya texnologiyaları, elektron hökumət, elektron xidmətlər, rəqəmsal həllər üzrə çalışan media nümayəndələri, həmçinin bu sahədə öz biliklərini artıraraq gənc bloger kimi yetişmək və cəmiyyətin maarifləndirilməsinə töhfə vermək istəyən şəxslər iştirak edə bilərlər.
Proqram iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə müvafiq meyarlar üzrə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçiriləcək. Təlimlər 29 sentyabr – 2 oktyabr tarixlərində vebinar formatında gerçəkləşəcək.
Proqramın ikinci mərhələsi vebinar təlimlərini uğurla bitirmiş iştirakçılar arasında keçirilən müsabiqədən ibarətdir. İştirakçılar seçilmiş mövzularla rəqəmsal xidmətlərin vətəndaşlara çatdırılması üzrə (video və ya məqalə formatında) yarışacaqlar. Müsabiqə üçün mükafat fondu da təyin olunub. Qeydiyyat üçün son müraciət tarixi – 20 sentyabr.
Ətraflı məlumat aşağıdakı linkdə:
https://www.digital.gov.az/digitalazerbaijan/webinars/3/reqemsal-jurnalistikaya-dogru-proqrami-2