Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən Şəki rayonunun Fazıl kəndi ərazisində davam etdirilən qazıntılar zamanı qədim yaşayış məskəninin qalıqları aşkar edilib. Ərazidə qədim qəbiristanlıq və qədim yaşayış məskəninin izlərini təsdiqləyən artefaktlar tapılıb.
Qazıntı zamanı sarı rəngdə, orta ölçüdə torpaq qatı arxeoloqların diqqətini çəkib. Təmizləmə zamanı 2 min yaşı olan dulusçu sobası da üzə çıxıb.
Ekspedisiyanın rəhbəri – AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənov bildirib ki, aşkar olunan tapıntı unikallığı ilə seçilir: “Burada tapılan çoxlu sayda və bir-birindən zəngin gil qablar, mətbəx əşyaları gətirilmə deyil, məhz Fazıl kəndində istehsal olunub. İstehsal isə oturaq məskən, şəhər mədəniyyəti deməkdir”.
Qeyd edək ki, tapılan əşyalar qeydiyyata alındıqdan sonra Fazıl kəndindəki “Labirint” adlanan yeraltı muzeydə nümayiş olunacaq. Tapıntıların kataloq və izahatı beynəlxalq nəşrlərdə çap ediləcək.
Fazıl kəndində arxeoloji ekspedisiya 2019-cu ildə başlanıb. Ərazidə tədqiqatlar davam etdiriləcək.