Qazaxıstanın paytaxtı Nur-Sultanda yerləşən Beynəlxalq Türk Akademiyası (BTA) oktyabrın 2-də “Türk dünyası ədəbi, mədəni və ictimai-siyasi həyatının fədailəri: Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyli” adlı beynəlxalq videokonfrans təşkil edəcək.

Tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli sərəncamına, Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının bu ilin yanvar ayında Bakı şəhərində keçirilmiş son iclasında qəbul edilən fəaliyyət planına uyğun olaraq həyata keçiriləcək.

UNESCO ilə əməkdaşlıq şəraitində keçiriləcək onlayn konfransda BTA-ya üzv ölkələrin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan) müvafiq nazirliklərinin rəhbər şəxslərinin, elm adamlarının, ictimai xadimlərin, səfirlərin iştirakı və məruzəsi nəzərdə tutulur.

Videokonfrans çərçivəsində Beynəlxalq Türk Akademiyasının hazırladığı, ilk dəfə qazax dilində nəşr edilən “Azərbaycan Xalq Cümhuriyyəti – 100” kitabının təqdimatı da olacaq. Kitabda Azərbaycan Xalq Cümhuriyyəti haqqında faktlar, tarixi xəritələr, sənədlər əksini tapıb.