Hazırda COVİD-19-a qarşı 200 vaksin kliniki və klinikəqədər sınaqlar mərhələsindədir. Hələ ki onlardan ən azı birinin işə yarayacağına heç bir zəmanət yoxdur. Lakin 2021-ci ilin sonunadək 2 milyard doza effektli və təhlükəsiz vaksinə sahib olmaqdan ötrü əlimizdən gələni etməliyik.

Bu sözləri Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə brifinqdə deyib.

O, vaksinin işlənib hazırlanması üçün DST-nin himayədarlığı ilə yaradılan COVAX Alyansına böyük ümidlər bəslədiyini bildirib.

Qeyd edib ki, inkişaf etmiş 64 ölkə COVAX Alyansına rəsmi olaraq qoşulub, daha 38 ölkə müvafiq sənədi ən yaxın günlərdə imzalayacaq. Alyansın tərkibində, həmçinin aşağı gəlirə malik 92 ölkə var və onlar maliyyə dəstəyinə ehtiyac duyurlar.

“COVAX Alyansının məqsədi hamını ədalətli şəkildə koronavirus əleyhinə vaksinlə təmin etməkdir”, - deyən DST rəhbəri bütün ölkələri buna imkan yaratmağa səsləyib.

Baş direktor qeyd edib ki, təşəbbüsün həyata keçirilməsi üçün əlavə investisiyalar tələb olunur. Hələlik ölkələr koronavirusa qarşı mübarizə vasitəsinin axtarışına, o cümlədən COVAX vasitəsilə 3 milyard dollar ayırıblar. Lakin qarşıya qoyulan məqsədlərə nail olmaqdan ötrü 35 milyard dollar tələb olunur. Bunun 15 milyardı “dərhal lazımdır”.