Sentyabrın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda çıxış edən Baş Nazir Əli Əsədov pandemiya nəticəsində qlobal məcmu tələbin azalması, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi, həmçinin məhdudlaşdırıcı tədbirlərin tətbiqinin bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədiyini deyib.

Baş Nazir xərclərin səmərəliliyi və qənaətin vacibliyini vurğulayıb. Deyib ki, büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır. Eyni zamanda, prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır.

Vurğulanıb ki, növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir. Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidir.

Baş Nazir daha sonra Prezident İlham Əliyevin dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyinin artırılması haqqında tapşırığı barədə danışaraq, ölkə başçısının 7 avqustda imzaladığı fərmanla Azərbaycan İnvestisiya Holdinqinin yaradıldığını və bu qurumun qarşısında çox ciddi tapşırıqlar qoyulduğunu deyib.

İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə nazirinin müavini Azər Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək büdcə layihəsi haqqında fikirlərini bildiriblər.

Sonda Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin digər layihə sənədləri ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib.