Mən bizim ən yaralı yerimiz olan Dağlıq Qarabağ münaqişəsinə toxunmaya bilmərəm. Bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin beşdəbir hissəsi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal edilib. Burada iştirak edənlərin münaqişə haqqında obyektiv və tam təsəvvürü olması üçün mən Dağlıq Qarabağın tarixinə kiçik bir ekskurs etmək istərdim.

Milli Məclisin Sədri Sahibə Qafarova bunu sentyabrın 23-də Rusiya Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı deyib.

O diqqətə çatdırıb ki, 1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığındakı Kürəkçayın sahilində Qarabağ xanlığının çar Rusiyasının hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən imzalanıb. 1921-ci ildə Rusiya Bolşevik Partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Diqqət yetirin, bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi “təhvil verilməsi” deyil, “saxlanılması” haqqında. 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul edib”, – deyə Sahibə Qafarova bildirib.

Milli Məclisin Sədri daha sonra deyib: “Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Dağlıq Qarabağın ələ keçirilməsi cəhdlərindən heç vaxt əl çəkməyib. XX əsrin 80-ci illərində bu, bir daha baş verdi. Həmin vaxt əsrlər boyunca öz tarixi torpaqlarında yaşamış olan yüz minlərlə azərbaycanlı Ermənistandan qovuldu, 700 min etnik azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən didərgin salındı. Etnik təmizləmə nəticəsində dinc əhali çoxsaylı qurbanlar verdi və işğal edilmiş ərazilərdə müasir beynəlxalq humanitar hüquqa baxmayaraq, qeyri-qanuni olaraq demoqrafik vəziyyət dəyişdirildi”.

Qeyd edək ki, Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federasiya Şurasının Sədri Valentina Matviyenko, Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodin və Xarici İşlər naziri Sergey Lavrovla da görüşüb.

Milli Məclisin Sədri Rusiya Xarici İşlər naziri ilə görüşdə Ermənistanın Azərbaycan torpaqlarına əsassız iddialarından söz açıb, Dağlıq Qarabağın tarixi ilə bağlı faktları nəzərə çatdırıb. Sergey Lavrov bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ATƏT-in Minsk qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir.