Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini sentyabrın 24-də elan edib.

DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 42731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20799 nəfər (o cümlədən 779 subbakalavr) dövlət sifarişi əsasında, 21932 nəfər (o cümlədən 5006 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Tələbə adı qazanmış şəxslər sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər.

Məlum olduğu kimi, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

DİM-dən bildiriblər ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olanlar da ixtisas seçimi ediblər. Bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 10 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müvafiq ixtisaslar üzrə müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub. Bundan əlavə, 160 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 30 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub. Həmçinin I ixtisas qrupu 146 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 121 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 110 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Tələbə adını qazananların siyahısı “Abituriyent” jurnalının sentyabrın 25-dən satışa çıxarılacaq 7-ci nömrəsində  dərc olunub. Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda çap olunub.

Jurnalın ön sözündə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin tələbə adı qazananlara təbriki yer alıb. “2020-ci il tək bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu. Koronavirus pandemiyası nəticəsində yaranan böhran gündəlik vərdişlərimizi və həyat tərzimizi köklü surətdə dəyişdirdi...Bu tədris ilində sizin, builki məzunların, üzərinə böyük yük düşdü. Lakin məhz çətinliklərə sinə gərməkdə, onlara qalib gəlməkdə insan xarakterinin ən yaxşı tərəfləri özünü büruzə verir. Yaranan çətinliklərə baxmayaraq, inadla çalışmaq və qarşınızda qoyduğunuz ümdə məqsədlərə çatmaq üçün irəliləməyə can atmağınız sizin uğurunuzun rəhnidir”, – deyə müraciətdə vurğulanır.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı isə “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi sentyabrın 26-dan 30-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.