Videotəqdimatlar müsabiqəsi başa çatıb

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) pandemiya dövrü ilə əlaqədar olaraq distant iş rejimində müxtəlif formatlı layihə və tədbirləri davam edirir.

Avqust ayında mərkəz tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini özündə təcəssüm etdirən “Tarixi yazmış bir tale” adlı videotəqdimatlardan ibarət respublika müsabiqəsinə start verilmişdi. Müsabiqənin məqsədi ulu öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi və təbliği, Heydər Əliyev mərkəzlərində çalışan elmi işçilərin peşə səriştələrinin üzə çıxarılması, dəstəklənməsidir. Müsabiqə ilə bağlı Heydər Əliyev mərkəzlərinin direktorlarının, həmçinin 70-ə yaxın mədəniyyət işçisinin iştirakı ilə vebinar təşkil olunub.

Müsabiqəyə 37 videotəqdimat qəbul olunub. Videotəqdimatlar sentyabrın 1-dən mərkəzin rəsmi “Facebook” səhifəsində paylaşılıb. Müsabiqənin şərtlərinə uyğun olaraq 10 gün ərzində videotəqdimatlara baxış və bəyənmə sayına görə birinci mərhələnin qalibləri seçilib, ikinci mərhələnin qalibləri isə münsiflər heyətinin rəyinə əsasən qiymətləndirilib.

Baxış və bəyənmə sayına görə I yerə Lerik rayon Heydər Əliyev Mərkəzi, II yerə Zaqatala rayon Heydər Əliyev Mərkəzi, III yerə Şəki şəhər Heydər Əliyev Mərkəzi layiq görülüb.

Münsiflər heyətinin rəyinə görə I yeri Neftçala rayon Heydər Əliyev Mərkəzi, II yeri Sabirabad rayon Heydər Əliyev Mərkəzi, III yeri isə Xızı rayon Heydər Əliyev Mərkəzi tutub.

Müsabiqənin digər iştirakçıları fəxri fərman və sertifikatlarla təltif olunacaqlar.