Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən İkinci Dünya müharibəsinin iştirakçısı, Fransada antifaşist Müqavimət hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Markada II Dünya müharibəsi illərində nasist Almaniyası tərəfindən işğalda olan Parisin divarlarından birinə “Chargo” (Xarqo) ləqəbli Əhmədiyyə Cəbrayılovun axtarışda olmasını göstərən elanı yapışdıran Vermaxt (alman ordusu) əsgəri təsvir olunub. Elanın üzərində alman dilində “10 000 Reichsmark” (10 000 Reyxsmarka) və “Chargo / tot oder lebendig” (Xarqo / sağ, ya ölü) sözləri yazılıb. Həmçinin markada Eyfel qülləsi və Fransa Müqavimət hərəkatının qruplarından biri olan “Maquis”in (Maki) emblemi təsvir edilib. Markanın buraxılmasında məqsəd görkəmli partizan Ə.Cəbrayılovun yerli və əcnəbi filatelistlər, kolleksiyaçılar arasında təbliğ edilməsidir.

Poçt markası ilə yanaşı, 200 ədəd zərf də hazırlanaraq satışa çıxarılıb.