Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunan silsilə filmlərin çəkilişləri davam etdirilir. Bu il üçün layihə üzrə 10 film nəzərdə tutulsa da, pandemiya ilə əlaqədar olaraq hələlik bir neçə film istehsal prosesindədir.

 

“Hər şey yaxşı olacaq”

 

Sənədli film 2016-cı ilin dekabrında şəhid olmuş Milli Qəhrəman Çingiz Qurbanov haqqındadır. Hazırda çəkilişlər yekunlaşmaq üzrədir. Filmin adı barədə rejissor Kamran Qasımov deyir: “Filmi ailəsi Çingiz Qurbanovla vidalaşarkən söylədiyi fikirlə adlandırmışıq: “Hər şey yaxşı olacaq”. Filmin hazırlıqlarına ilin əvvəlində başlamışdıq. Sərt karantin rejiminin tətbiqi ilə əlaqədar filmin istehsalını saxlamalı olduq. Sonradan karantinin tələblərinə uyğun şəkildə filmin çəkilişlərini yekunlaşdırdıq. Çəkiliş prosesində maraqlı bir üsula əl atdıq. Filmi müşahidə janrında çəkdik. Yəni bütün müsahiblərimizi kamera kənardan müşahidə edib. Təbii ki, filmdə xronikadan da istifadə olunub”.

Filmin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatoru Mirzə Ələkbərov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər qəhrəmanın doğulduğu Qusar rayonunda, Bakıda və Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılıb.

 

Peşəkar zabit

 

Rejissor Elnaz Əbluc Milli Qəhrəman Cəlil Səfərov (1962-1992) haqqında filmin çəkilişlərinə başlayıb. Cəlil Səfərov C.Naxçıvanski adına Hərbi Liseydə və Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbində (Rusiya) təhsil almış peşəkar zabit olub. Onun qəhrəmanlığı və peşəkarlığı sayəsində düşmən Şuşada ağır itkilər verib.

Rejissor deyir ki, filmdə qəhrəmanın döyüş yoldaşları və ailə üzvlərinin xatirələrinə yer veriləcək. Onun təhsil aldığı və hazırda adını daşıyan Sumqayıt şəhər 10 saylı orta məktəbdə və C.Naxçıvanski adına Hərbi Liseydə çəkilişlər aparılacaq.

Rejissor həm də filmin ssenari müəllifidir. Operatoru Soltan Abdullayev, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

 

Qəhrəmanlıq və nakam məhəbbət

 

Milli Qəhrəman, hərbi pilot Hikmət Muradovu (1969-1991) da kinolentin yaddaşına köçürəcək filmin ssenari müəllifi və rejissoru Yavər Rzayevdir. Rejissor deyir: “Hikmət Muradov AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. Döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü. O, sərt döyüş anında belə işindən bir addım geri çəkilməyib. Sonuncu əməliyyat zamanı isə Xocalı ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi güclü raket atəşinə məruz qalır. Hikmət Xocalı aeroportundan Yevlaxa apardığı 6 nəfər dispetçerlə birlikdə şəhid olur”.

Operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynov olan filmin çəkilişlərinin Yevlaxda, Bakıda təhsil aldığı 190 nömrəli orta məktəbdə, dəfn olunduğu Maştağa qəsəbəsində aparılması planlaşdırılır. Rejissor bildirir ki, Hikmət Muradovun yarımçıq qalan bir məhəbbət hekayəsi də olub: “Biz həmin xanımı axtarıb tapmışıq. O da məmnuniyyətlə çəkilişlərdə iştirak edəcəyini deyib. Beləcə, biz filmə məhəbbət xətti də qatmışıq”.

 

“Örnək həyatları təqdim edirik”

 

Çəkilişi aparılan daha bir film Milli Qəhrəman Rafiq Alıcanov (1965-1993) haqqındadır. Rafiq Alıcanov zabit kimi Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilanda və Naxçıvanda döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib.

Rejissor Kəmalə Musazadə bildirir ki, çəkilişlərin Milli Qəhrəmanın doğulduğu Qazax rayonunda, şəhid olduğu Füzuli bölgəsində və Bakıda aparılması nəzərdə tutulur. Filmin operatoru Rüfət Süleymanov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

Rejissor Mədəniyyət Nazirliyinin Milli Qəhrəmanlarla bağlı bu layihəsinin əhəmiyyətini qeyd edir: “Son zamanlar düşmənin daha da fəallaşdığını görürük. Şəhidlərimizin qisasının alınması və torpaqlarımızın geri qaytarılması üçün bütün xalq olaraq səfərbər olmalıyıq. Biz də yaradıcı heyət olaraq, bu yolda şəhid qəhrəmanlarımızın döyüş yolunu işıqlandırır, örnək həyatları xalqımıza təqdim edirik”.

Qeyd edək ki, bu günədək “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Yaddaş” və “Salnaməfilm” studiyalarında dövlət sifarişi ilə 80-dək sənədli film çəkilib. Bu ekran əsərlərinin paytaxtda və bölgələrindəki mədəniyyət ocaqlarında, hərbi hissə və hərbi məktəblərdə, ali və orta ümumtəhsil məktəblərində nümayişləri təşkil olunub.

L.AZƏRİ