Xəbər verdiyimiz kimi, pandemiya ilə bağlı kütləvi tədbirlərlə bağlı məhdudiyyətlər davam etməsi səbəbindən teatrlar yeni mövsümə də virtual rejimdə başlayaraq, hələlik internet üzərindən tamaşaçılarla görüşə gəlirlər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni, 93-cü mövsümünü virtual formatda açıq elan edib. Sentyabrın 26-da və 27-də teatr özünün “Facebook” səhifəsində A.Şaiqin “Tıq-tıq xanım”, H.Cavidin “Şeyx Sənan”, Azərbaycan xalq nağılı “Göyçək Fatma” və L.Nurenin “Mən gəldim qızlar…(Müharibə)” əsərləri əsasında quruluş verilmiş tamaşalar teatrsevərlərə təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın teatrların fəaliyyəti ilə bağlı müvafiq qərarına qədər tamaşalar onlayn şəkildə təqdim olunacaq. Daha sonra teatrlarla bağlı qoyulacaq qaydalar çərçivəsində səhnə əsərləri ənənəvi qaydada nümayiş etdirilə bilər.

Gənc Tamaşaçılar Teatrının yeni mövsüm üçün yaradıcılıq planına daxil edilən iki əsər – İsmayıl İmanın «Balaca yaramaz məxluq» və R.Kiplinqin «Mauqli» əsərləri əsasında tamaşaların məşqləri də onlayn keçirilir. Teatrların iş rejiminin bərpasından sonra bu yeni tamaşaların premyerası nəzərdə tutulur.