Ermənistanın işğalının səbəb olduğu çətinliklərə baxmayaraq, Azərbaycan sabit, müasir, demokratik və multikultural dövlət yaratmağa müvəffəq olub.

Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik. 2008-ci ildə Azərbaycan tərəfindən başladılmış “Bakı Prosesi” müsəlman dünyası və Avropa arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır, həmçinin BMT tərəfindən dəstəklənir. İki ildən bir Azərbaycanda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə “mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma” kimi tanınıb.

Prezident çıxışında Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən ərazi iddiaları və işğalçılıq siyasətinin doğurduğu fəsadlar barədə də danışaraq, beynəlxalq birliyin bu vəziyyətə adekvat münasibət göstərmədiyini vurğulayıb.

“Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır” – deyə İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur.

Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz.

Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir.

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.

Prezident diqqətə çatdırıb ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir.

Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var.

Dövlətimizin başçısı deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanıb. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməyib. Danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır. Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir.

Prezident qeyd edib ki, Azərbaycana qarşı təcavüz səbəbindən Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla qarşılaşmaqda davam edir. Ermənistanda iki il bundan əvvəl rejim dəyişikliyi baş vermişdir, lakin uğursuz dövlətin faşist ideologiyası dəyişməz olaraq qalıb: “Bu ölkədə siyasi münasibətlər böhran həddinə çatıb. Ölkə 20 ildən artıq idi ki, səhra komandirləri tərəfindən idarə olunurdu. Hazırkı siyasi rəhbərlik isə əvvəlki rejimlərin təcrübəsini davam etdirir. Azərbaycana qarşı hərbi təcavüzün nəticələri aradan qaldırılmayana qədər Ermənistan inkişaf perspektivlərindən məhrum qalacaqdır”.