Naxçıvan Dövlət Film Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Əyləncə adası” parkında “Ayla” filmi nümayiş etdirilib.

Fondun direktoru Mirakif Seyidov nümayişdən öncə bildirib ki, muxtar respublika Mədəniyyət Nazirliyinin 2020-ci il iş planına əsasən sentyabr ayından etibarən həftədə bir dəfə olmaqla, eyni məkanda və saatda dünya və Azərbaycan kinosu örnəklərinin nümayişi təşkil edilir. Sonra Türkiyə və Cənubi Koreyanın birgə istehsalı olan “Ayla” filmi təqdim olunub.

2017-ci ildə çəkilən filmin ssenari müəllifi Yiğit Güralp, rejissoru Can Ulkaydır. Ekran işində İsmail Hacıoğlu, Çetin Tekindor, Kim Seol, Murat Yıldırım, Eric Roberts, Altan Erkekli kimi tanınmış simalar rol alıb.

Filmdə hadisələr ötən əsrin 50-ci illərində Koreya müharibəsi zamanı cərəyan edir. Şimali Koreyanın silahlı qüvvələri qəflətən hücum edərək Cənubi Koreyanın paytaxtı Seulu işğal etmişdi. BMT-nin Cənubi Koreyaya yardım çağırışına Türkiyədən də bir briqada qoşulmuşdu. Süleyman adlı baş gizir döyüşlərin birində ata və anası öldürülmüş kiçik bir qızı tapır. Əsgərlər 5 yaşlı qıza ad vermək qərarına gəldikdə Süleyman “ay kimi üzü var, ay işığında tapdıq” deyərək Ayla adını verir. 15 ay ərzində Aylaya baxan baş gizirin artıq Türkiyəyə geri dönməsi barədə əmri gəlir. Məsələyə rəhbərliyin qarışması ilə Ayla Koreya müharibəsi illərində türk briqadası tərəfindən yaradılmış "Ankara məktəbi”ndə təhsil almağa başlayır. Aylanı tək qoyub getmək istəməyən Süleyman onu Türkiyəyə aparmaq üçün nə qədər cəhd etsə də, istəyinə nail ola bilmir.

Film müharibənin bitməsindən 60 il sonra Cənubi Koreyadakı Ankara parkında Ayla və Süleymanın yenidən bir-birinə qovuşması ilə başa çatır.

LALƏ