Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev Azərbaycanın işğal altındakı ərazilərində yaşanan silahlı qarşıdurmalardan narahatlığını bildirib.

Bu barədə Türk Şurasının bəyanatında qeyd olunub.

“Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha vurğulayır və Ermənistan-Azərbaycan ixtilafının Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinin önəmini dilə gətirir.

Bu mənada, Türk Şurası 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal altındakı bütün ərazilərindən dərhal, şərtsiz və tam olaraq çəkilməyə çağırdığını xatırladır.

Baş katib qarşıdurmalarda şəhid olanlar üçün Azərbaycan xalqına başsağlığı və yaralılara şəfa diləyir”, – deyə bəyanatda bildirilir.

***

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı ilə bağlı bəyanat yayıb.

Bəyanatda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sentyabrın 27-də Ermənistanın atəşkəs rejimini növbəti dəfə pozduğunu, Azərbaycanın tarixi torpaqlarında hərbi təxribatların aparılması, mədəni irsinin, o cümlədən tarixi, dini abidələrinin təhqir və məhv edilməsi, mütəmadi olaraq dinc əhalinin atəşə tutulması istiqamətində apardığı işğalçılıq siyasətini qətiyyətlə pisləyir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı qəbul olunan müvafiq qətnamələrin yerinə yetirilməsinin vacibliyini vurğulayır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın öz əzəli torpaqları uğrunda apardığı haqlı siyasətini dəstəkləyir və dünya ictimai birliyini Ermənistanın təcavüzkar siyasətinə adekvat münasibət bildirməyə çağırır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın hərbi təxribatları nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfalar diləyir.

***

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Azərbaycanın işğal olunmuş rayonlarında Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsindən dərin narahatlığını ifadə edib.

Beynəlxalq Türk Akademiyası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğunu təsdiqləyir və münaqişənin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələri əsasında, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə çağırıb.