İnsan qəlbinin ən böyük nəğməsi Vətəndir. Əbəs yerə deyilməyib: “Ana kimi yar olmaz, Vətən kimi diyar...” Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Şanlı Ordumuzun döyüş meydanında Qələbəyə doğru irəlilədiyi bu günlərdə yetişən nəsildə Vətənə, torpağa, el-obaya sevgi, məhəbbət hissini aşılamaq məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi elan edir.

Muzeydən bildirilib ki, oktyabrın 5-dən noyabrın 5-dək davam edəcək müsabiqə Azərbaycanın dilbər guşəsi, sənət beşiyi, istedadlar diyarı, alim, yazıçı, şair, rəssam və musiqiçilərin vətəni – Qarabağa həsr olunub.

Müsabiqədə məktəblilər yaradıcı təxəyyüllərinə incəsənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq, xalça, bədii şüşə və tikmə, ağac üzərində oyma, batika növlərində həyat verəcəklər.

Qəlbi Vətən eşqi ilə çırpınan məktəblilər uzun illər həsrətində olduğumuz Vətən torpağının səfalı yaylaqlarını, gözoxşayan ormanlarını, vüqarlı dağlarını və şairanə təbiətini vəsf etməyə, müzəffər ordumuzun şanlı Qələbəsini, ərənlərin döyüşçü ruhunu təcəssüm etdirən əsərlər yaradacaqlar.

Müsabiqəyə göndəriləcək əsərlər muzeyin saytında yayımlanacaq. İzləyicilərin rəyləri də nəzərə alınmaqla, münsiflər heyəti müsabiqə iştirakçılarını sadalanan incəsənət növlərində 8 nominasiya üzrə qiymətləndirəcək.

Qeyd edək ki, əsərlər nationalmuseum.az@gmail.com ünvanına “müsabiqə üçün” qeydi ilə göndərilməlidir.  Qaliblər Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək mərasimdə elan olunacaq, onlara diplom və digər hədiyyələr təqdim ediləcək.