Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızı azad etmək üçün sentyabrın 27-də başlanan zəfər yürüşünü davam edir. Bir həftə ərzində erməni işğalçı qüvvələrinə bütün cəbhə boyu sarsıdıcı zərbələr endirən Ordumuz oktyabrın 4-də Cəbrayıl rayon mərkəzini və rayonun bır sıra kəndlərini azad edib. 27 il davam edən işğaldan sonra düşmən tapdağından azad edilən ilk şəhərimiz Cəbrayıl oldu.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan oktyabrın 4-də televiziya ilə xalqa müraciətində Cəbrayıl rayonu ərazisində işğaldan azad edilmiş yaşayış məntəqələrinin siyahısını da açıqlayıb. Dövlət başçısı bəyan edib ki, Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun doqquz kəndini – Karxulu, Yuxarı Maralyan, Cəfərabad, Mahmudlu, Şükürbəyli, Dəjəl, Çərəkən, Daşkəsən, Horovlu kəndlərini işğaldan azad edib.

Xatırladaq ki, bir gün öncə, oktyabrın 3-də bütün cəbhə boyu işğalçı qüvvələrə ard-arda zərbələr endirən qoşunlarımız Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad etmişdi.

Prezident Cəbrayıl şəhərinin azad edilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Dövlət başçısı xatırladıb ki, 2016-cı ilin Aprel döyüşlərində uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtmasına imkan verdi.

“Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır”, – deyə Azərbaycan Prezidenti bildirib.

Prezident deyib: “Bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır”.

Dövlətimizin başçısı bildirib ki, biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq: “Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”.

“Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.