Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan və xəsarət alan mülki şəxslərin, eləcə də infrastruktura dəyən ziyanın yeni statistikasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 6-na olan məlumata görə, həlak olmuş şəxslərin sayı 27-yə, xəsarət alanların sayı isə 141-ə çatıb. Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 376 evə və 63 mülki obyektə ciddi ziyan dəyib.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.