Bu gün kiçikdən böyüyə  hər bir azərbaycanlının qəlbi vətən eşqi ilə döyünür. Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciət etdiyi ilk gündən respublikanın hər bir vətəndaşı böyük şərəf hissi ilə ordu sıralarına qatılmağa hazır olduğunu bir daha sübuta yetirdi. Torpaqlarımızın azadlığı və respublikamızın ərazi bütövlüyü naminə Vətənin oğul və qızları ön və arxa cəbhədə bir yumruq kimi birləşərək düşmənlə cəng meydanında vuruşmağa hazırdır və bu bizlərin vətəndaşlıq borcudur.

Döyüşlər zamanı Azərbaycan şanlı ordusunun ard-arda qazandığı qələbələr xalqımızda ruh yüksəkliyi yaradır. Yaxın günlərdə xalq qəhrəman oğulları ilə birgə əzəli topaqlarımıza müzəffər yürüş edəcəyinə qəti şəkildə əmindir. 

Bu haqq yolunda rəşadətli ordumuza dəstək olmaq məqsədilə  Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 6000 manat vəsait köçürüb.

Cənab Ali Baş Komandan və yeni tarix yazan Azərbaycan oğullarına qələbəyə gedən yolda şanlı zəfər arzulayırıq!