Sumqayıt Dövlət Dram Teatrının aktyoru Vaqif Səmədzadənin 70 illiyi qeyd olunub. Yubileylə əlaqədar teatrda pandemiya dövrünün tələbləri və epidemioloji qaydalar nəzərə alınmaqla yaradıcı heyətin kiçik heyətdə görüşü keçirilib.

Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov yubilyarı təbrik edib, ona cansağlığı arzulayıb. Sumqayıt Dövlət Dram Teatrında hər zaman veteran aktyorlara diqqət və qayğı göstərildiyini diqqətə çatdıran direktor Vaqif Səmədzadənin yaradıcı fəaliyyətini müsbət qiymətləndirib. Gələcəkdə də müvafiq rollar üzrə qocaman aktyorla əməkdaşlığın mümkünlüyü qeyd olunub.

Baş rejissor Xalq artisti Firudin Məhərrəmov, əməkdar artistlər Namis Şirməmmədov, Növrəstə Həşimova, İlahə Səfərova, Vidadi Məmmədov, teatrın direktor müavini Maya Məmmədova Vaqif Səmədzadənin işə hər zaman şövqlə yanaşmasından, insani keyfiyyətlərindən danışıblar. Həmkarlar Komitəsinin Sumqayıt Dövlət Dram Teatrı üzrə sədri Zöhrəli Əliyev mədəniyyət işçiləri və kollektiv adından yubilyara təbrikini çatdırıb.

Sonda direktor M.Həmidov Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından yubilyara 70 illik yubileyi və uzun illik səmərəli fəaliyyətinə görə fəxri diplom təqdim edib.