Təqribən otuz ildir işğal altında olan Vətən torpaqlarınızın Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində hissə-hissə azad edilməsini məmnunluqla izləyir, haqlı mübarizənizdə Sizi dəstəkləyirik. Vətən torpaqlarınızın işğaldan azad olunması münasibətilə Sizi indidən təbrik edirəm.

Bu sözləri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubunda qeyd edib.

Məktubda vurğulanır ki, beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin illərdir işğal altında qalmasına, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından qovulmasına həll yolu tapa bilmədi. Dədə-baba torpağında doğulmayan, o yerləri görməyərək böyüyən nəsillər bu gün Azərbaycanın ərazilərinin tamamilə işğaldan azad ediləcəyi günləri həyəcanla gözləyir.

“Tarix və beynəlxalq hüquq baxımından haqlı olan Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatiya sahəsində də üstünlüyünü davam etdirəcəyinə, haqlı mübarizəsini sonadək davam etdirərək Dağlıq Qarabağın yenidən ölkənizin tərkibinə daxil olmasını təmin edəcəyinə inanırıq.

Qəlbimiz Azərbaycanla döyünür. Ulu öndər Mustafa Kamal Atatürkün də vurğuladığı kimi, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, – deyə məktubda bildirilir.