Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Qulu oğlu Cəfərov tutduğu vəzifədən azad edilərək Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Aslan Cəfərov 1965-ci ildə Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetini (BDU) filoloq ixtisası üzrə bitirib. “Azərbaycan təbiəti” jurnalında, Qızıl Aypara Cəmiyyətinin “Mərhəmət” jurnalında ədəbi işçi kimi çalışıb, “Dəli Kür” qəzetinin baş redaktoru olub. Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Nazirliyinin Aparatında məsul vəzifələrdə çalışıb.

Anar Kərimovun müvafiq əmri ilə nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsinə Akif Marif oğlu Marifli təyin edilib.

Akif Marifli 1979-cu ildə Gəncədə anadan olub. Bakı Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr, Türk dünyası tarixi ixtisası üzrə magistr təhsili alıb. Tarix üzrə fəlsəfə doktorudur. Əmək fəaliyyətinə AMEA-da başlayıb. “Az Book Group” və “Miran Trade” MMC-də direktor, “LIBRAFF” MMC-də icraçı direktor vəzifələrində çalışıb.

***

Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmrlərinə əsasən, nazirliyin regional mədəniyyət idarələrində də kadr təyinatları həyata keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şakir oğlu Şükürov və Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Sabir oğlu Hüseynov tutduqları vəzifələrdən azad ediliblər.   

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Rəşad Rahib oğlu Əliyev təyin edilib.

Rəşad Əliyev 1982-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr, bədən tərbiyəsinin ümumi nəzəriyyəsi ixtisası üzrə magistr (fərqlənmə) pillələrini bitirib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə əlavə təhsil və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili alıb.

Əmək fəaliyyətinə 2006-cı ildə Gənclər və İdman Nazirliyində başlayıb. 2007-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyində məsul vəzifələrdə çalışıb. 2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbələrində müdir vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi nazirliyin Regional siyasət şöbəsinin əməkdaşı Əlisultan Sənan oğlu Sadıxova həvalə edilib.

Əlisultan Sadıxov 1962-ci ildə Lerik rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. Lerik Rayon İcra Hakimiyyətində, Mədəniyyət və Turizm Nazirliyi sistemində və Aparatında, Mədəniyyət Nazirliyi Aparatında məsul vəzifələrdə çalışıb.