Zəngilanın işğaldan azad olunması ilə tarixə gömüldü

29 oktyabr... 26 il ard-arda bu günü –  Azərbaycanın Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ildönümünü qara haşiyəli təqvimdə qeyd etmişik. Artıq bu gün anım təqvimimizdə yoxdur: Zəngilanın işğalının 27-ci ildönümünə 9 gün qalmış – 20 oktyabr 2020-ci ildə şanlı Ordumuz bu Vətən torpağını düşmən tapdağından azad etdi. Bundan sonra təqvimdə o şanlı tarixi – qazi şəhər Zəngilanın düşməndən azad olunduğu 20 oktyabrı qeyd edəcəyik...

1988-ci ildən 1993-cü ilin oktyabrınadək düşmənin hücumlarına məruz qalan Zəngilan rayonu 200-ə yaxın şəhid vermişdi. 1993-cü ilin avqustunda Qubadlı və Cəbrayılın işğalı ilə mühasirəyə düşən Zəngilan Dağlıq Qarabağdan kənarda düşmən əlinə keçən sonuncu rayon oldu...

Zəngilan inzibati ərazi vahidi rayon kimi 1930-cu ildə təşkil edilib. Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşən rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat kilometrdir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.

İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.

Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. Düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırdılar. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər düşmən tərəfindən talan edilib.

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü “Şəhri Şərifan” adı ilə tanınan Orta əsr şəhərinin xarabalığıdır. 27 ilə yaxın doğma yurd-yuvalarından didərgin düşmüş zəngilanlılar ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayırlar, dövlət qayğısı ilə əhatə olunublar. Lakin bu diqqət-qayğı doğma ocağa qayıtmaq arzusunu unutdurmayıb.

Zəngilanlılar artıq işğaldan azad edilmiş çinarlar yurduna dönəcəkləri günü gözləyirlər...