“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də “Twitter” hesabında paylaşım edib.

Xatırladaq ki, iki gün öncə, oktyabrın 26-da dövlət başçısı xalqa müraciətində Qubadlı şəhərinin və Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin, habelə Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rabənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndlərinin də 27 illik işğaldan azad edildiyini bildirmişdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində bir ay ərzində ümumilikdə 4 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı), 3 qəsəbə (Hadrut – Xocavənd rayonu, Mincivan və Ağbənd – Zəngilan rayonu) və Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və Tərtər rayonlarının 180-dək kəndi işğaldan azad edilib.