Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi “İnstagram” səhifəsində paylaşım edib.

“Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur. Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir”, – deyə paylaşımda vurğulanır.

Qeyd olunur ki, bu hücumların məqsədi aydındır – Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi: “Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır”.

Mehriban Əliyeva həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

Paylaşım bu sözlərlə bitir: “Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır! Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun!”.