Azərbaycan romantizminin görkəmli nümayəndəsi, istedadlı şair Məhəmməd Hadi (Məhəmməd Əbdüsəlimzadə; 1879-1920) ədəbiyyat tariximizdə şərəfli yer tutur. Ötən il Azərbaycan Respublikası Prezidenti şairin 140 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

Məhəmməd Hadi milli romantizmin ideya-estetik prinsiplərini zəngin bədii yaradıcılıq təcrübəsində və ədəbi tənqidi əsərlərində əsaslandırıb. Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfi fikrini dərindən mənimsəyən şair bütün bu təsirləri əsərlərində yaradıcı şəkildə əks etdirib. Onun şeirlərində insanlığın böhranı və milli varlıq problemi öz əksini tapıb.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Məhəmməd Hadi” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə şairin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu əsərlər, eləcə də haqqında yazılan kitab və məqalələr təqdim olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar:

http://anl.az/el/vsb/Mehemmed_Hadi/index.htm

***

Məhəmməd Hadinin 140 illiyi haqqında dövlət başçısının sərəncamına uyğun olaraq şairin əsərlərinin yeni nəşri də həyata keçirilir. Bu günlərdə Məhəmməd Hadinin əsərlərinin ikinci cildi işıq üzü görüb.

Kitabın elmi məsləhətçisi AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İslam Qəriblidir. Məhəmməd Hadinin əsərlərində ərəb dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, fars dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyevadır.

488 səhifəlik kitaba Məhəmməd Hadinin Azərbaycan və Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, iqtibas və tərcümələri daxil edilib. Dörd bölmədən ibarət kitabda ədibin “Publisistikası” bölməsində 91, “Nəsr əsərləri” bölməsində 12, “Ədəbi-tənqidi məqalələri” bölməsində 9, “İqtibas və tərcümələr” bölməsində 13 əsər yer alıb. Əsərlər izah və şərhlər yazılmaqla, mənbələri göstərilməklə xronoloji ardıcıllıqla düzülüb, dil və üslubu mümkün qədər qorunub saxlanılıb.