Azərbaycan Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyorluq sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru Vsevolod Meyerholdun “Seçilmiş əsərləri” kitabını nəşr edib. Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib.

“Teatrın tarixi və texnikası haqqında”, “O.M.Meyerholda məktublardan”, “Gündəlikdən (1907–1912-ci illər)”, “Fırtına”, “Maskarad”, “Teatr qeydləri”, “Alicənab dəyyus”, “Ürpənən torpaq”, “Meşə”, “Bubus müəllim”, “Mandat”, “Müfəttiş” adlı fəsillərin toplandığı kitabda ecazkar teatr aləmi, onun görünməyən tərəfləri, pərdəarxası proseslər, rejissorluq sənətinin sirləri kimi sənət incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.

Kitabın rus dilindən tərcümə müəllifi Zahid Sarıtorpaq, redaktoru Fərhad Abdullayevdir.

Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2019-cu ildən əməkdaşlıq etdiyi Rusiya İnstitutunun qrant layihəsi çərçivəsində nəşr olunub.

Qeyd edək ki, Rusiyanın Penza şəhərində anadan olan Vsevolod Meyerhold teatr rejissoru, nəzəriyyəçisi, aktyor və pedaqoq kimi zəngin yaradıcılıq irsinə malikdir. 1907-ci ildən Oktyabr inqilabına (1917) qədər Aleksandrinski və Mariinski imperator teatrlarının baş rejissoru olub. İnqilabdan sonra Rusiyanın müxtəlif teatrları ilə əməkdaşlıq edib. Sovet İttifaqının ilk avanqardçı teatr rejissorlarındandır. Səhnə sənətində qrotesk üslubunun, “biomexanika” adıyla dünyada tanınan aktyor sisteminin yaradıcısıdır. “Don Juan” (Molyer), “Müfəttiş” (N.Qoqol), “Hedda Qabler” (H.İbsen), “Mandat” (N.Erdman), “Elektra” (R.Ştraus) kimi qırxa yaxın əsərə səhnə quruluşu verib. Stalin repressiyası qurbanı olan rejissor 1940-cı ildə güllələnib.