Qardaş Türkiyədə 500-dən çox həkim “Qarabağ üçün könüllü ol” layihəsi çərçivəsində Azərbaycana tibbi dəstək məqsədilə İstanbuldakı Azərbaycan baş konsulluğuna müraciət ediblər.

Bununla əlaqədar Milliyyətçi Həkimlər Dərnəyi, 14 Mart Tibbiyyəlilər  Dərnəyi və Türk Dünyası Həkimlər Dərnəyinin üzvləri tərəfindən birgə yaradılan Türk Həkimlər Birliyindən bir qrup tibb mütəxəssisi baş konsul Nərminə Mustafayeva ilə görüşüblər.

Görüşdə Milliyyətçi Həkimlər Dərnəyinin sədri Semih Uşaklıoğlu, dərnəyin idarə heyətinin üzvləri Yavuzhan Baş, Halit Gökalp Küçük və Enver Özdemir iştirak ediblər.

Dərnəyin yazılı açıqlamasında platformaya üzv olan həkimlər Azərbaycanı haqlı mübarizəsində dəstəklədiklərini vurğulayıblar. “Beynəlxalq hüquqa zidd olaraq Azərbaycan torpaqlarına hücum edən Ermənistanı qətiyyətlə qınayırıq. Milliyətçi Həkimlər Dərnəyi, 14 Mart Tibbiyyəlilər  Dərnəyi və Türk Dünyası Həkimlər Dərnəyi olaraq yaratdığımız Türk Həkimlər Birliyi ehtiyac yarandığı halda Azərbaycana  gəlməyə hazırıq. Bunun üçün birliyimiz nəzdində olan həkim heyətimiz var. Bu məqsədlə də Azərbaycanda arxa cəbhədə xidmət etmək üçün könüllü 504 həkimin müraciətini baş konsul Nərminə Mustafayevaya təqdim etdik”, – deyə açıqlamada bildirilir.

Baş konsulluqdan verilən məlumata görə, həkimlərin müraciəti qəbul olunub və Bakıya aidiyyəti qurumlar üzrə yönləndirilib.

Mehparə SULTANOVA
Ankara