Oktyabrın 31-də İstanbulda Azərbaycana dəstək məqsədilə növbəti aksiya keçirilib. İstanbul sakinlərinin, burada yaşayan azərbaycanlıların, eləcə də İraq və Suriya türkmənlərinin də qatıldığı aksiyada Azərbaycanda məsum insanları hədəfə alan Ermənistan hakimiyyətinə etiraz səsləri ucaldılıb. 

İstanbuldakı Azərbaycan Kültür Evinin başqanı Hikmət Elp çıxış edərək bildirib ki, Azərbaycan öz torpaqlarını, Qarabağı işğaldan tam azad edənə qədər mübarizəsini davam etdirəcək.

Şərqi Türküstan Dərnəyi üzvlərinin fikirlərini ifadə edən millət vəkili Yusuf Yusufoğlu Şərqi Türküstan türklərinin də Azərabaycana dəstək verdiyini bildirib.

Tədbirin sonunda iştirakçılara İstanbulda fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatında yeni çapdan çıxan kitab – yazıçı-publisist Səyyad Aranın “Məzar daşı” romanı, Qarabağla bağlı bukletlər paylanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən “Zengin Yayıncılık” nəşriyyatı ilə birgə həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi üzrə seçmə ədəbi nümunələrimiz Türkiyə türkcəsində çap edilərək yayımlanır.

Layihə üzrə növbəti nəşr – Səyyad Aranın “Məzar daşı” romanı ötən əsrin sonlarında işğalçı Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində törətdiyi qətliamlardan bəhs edir.

Şair-tərcüməçi Yurtsevən Şənin Türkiyə türkcəsinə uyğunlaşdırdığı əsər “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla çap olunub.

Mehparə SULTANOVA
Ankara