Dünyanın ən böyük informasiya agentliklərindən olan “Reuters” (Böyük Britaniya)  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yayıb.

Məqalədə münaqişə zamanı öz doğma yurdlarından qovularaq köçkün vəziyyətinə düşmüş, ölkənin müxtəlif rayonlarında məskunlaşan və bu günlər Azərbaycan Ordusunun  uğurlu əməliyyatları nəticəsində torpaqları azad olunan insanların fikirləri və təəssüratları yer alıb.

Bakıda məcburi köçkünlərin yaşadıqları qəsəbənin 80 yaşlı sakini Həsən Əhmədov Cəbrayıl şəhərinin azad edilməsi xəbərini sevinclə qarşıladığını və son arzusuna  – ata-baba torpağına qayıtmaq arzusuna bir addım qaldığını deyir: “Ərazilərin minalardan təmizləməsini və öz ata-baba yurdumuza yenidən qayıtmaq üçün orada aparılacaq bərpa və abadlıq işlərini səbirsizliklə gözləyirik. O torpaqlarda atalarımızın və babalarımızın məzarları var”, – deyə o bildirir.

“Kəndimizin işğaldan azad olunması xəbərini eşidəndən bəri Bakıda özümü yad kimi hiss edirəm”, – deyən 33 yaşlı Nemət Səmədov uşaq ikən ailəsi ilə birgə kəndlərini tərk edib. O deyib: “Mən könüllü kimi qeydiyyatdan keçmişəm və hərbi xidmətə cəlb olunmağımı gözləyirəm”.

Yazıda Azərbaycanın 1990-cı illərdə itirdiyi bir çox ərazilərin bir hissəsini geri qaytardığı vurğulanır. Müəllif ölkə ərazisinin, demək olar ki, hər bir yerində radio verilişlərinin öz efir vaxtının çox hissəsini vətənpərvərlik ruhunda olan mahnılara həsr etdiyini diqqətə çatdırır.

Döyüşlərdə oğlunun yaxın dostunun həlak olduğunu bildirən Bakı şəhər sakini Olqa İsmayılova deyib: “Oğlanlarımız üçün narahat ola bilərik, ancaq bizə məxsus olan torpaqlarımızı geri qaytarmalıyıq”.