Düşmən üzərinə mərmini atıb qürurlu geri dönüşü ilə ürəkləri fəth edən bu qəhrəmanı indi çoxları tanıyır. Topçu Vüsal Şahkərimov sosial şəbəkələrin trendinə çevrilib.

Vüsal İslam oğlu Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Şəhid Arif Məmmədov adına orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanan 19 yaşlı Vüsal hazırda davam edən Vətən müharibəsində topçu kimi şərəflə xidmətini davam etdirir.

Əsgərin anası İlahə Şahkərimova deyir ki, övladları barədə xəbəri dostlarından eşidiblər: “Sevincimizin həddi-hüdudu yoxdur. Gözlərim yaşardı. Sevinirik, şadlanırıq, fəxr edirik! İnşallah, bütün işğal olunan torpaqlarımız azad olunar”.

Babası Ağa Ağayev sevinc dolu təəssüratını bölüşüb: “Mənə deyəndə ki Vüsalı televizorda göstəriblər mən özümü saxlaya bilmədim. Təkrarən göstərəndə gördüm mən. Görəndən sonra da özümə inanmırdım ki, bu bizim Vüsaldı? Sevincimdən bilmirdim neyləyim. Necə ki, Prezidentimiz bu işin üstündə dayanıb, əsgərlərimizə dayaqdır, əsgərlərimiz də ona güvənib mənfur düşməni torpaqlarımızdan qovurlar”.

Atası İslam Şahkərimovun sözlərinə görə, oğluna ad günü çağırış vərəqəsi gəlib: “Uğurlarını və necə xidmət etdiyini də hamı gördü. O gün olsun ki, əsgərlərimiz sağ-salamat qələbə ilə öz evlərinə dönsünlər”.

İndi Vüsal tək Şahkərimovlar ailəsinin, Qusarçay kəndinin, Xaçmaz rayonunun yox, bütün Azərbaycanın qəhrəman oğludur.