Sentyabrın 27-də başlanan Vətən müharibəsinin 42-ci günü – noyabrın 7-də şanlı Ordumuzun yeni zəfər xəbəri gəlib. Bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edən  hərbi qüvvələrimiz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Xocalı rayonlarının ümumilikdə 16 kəndini işğaldan azad edib.

Bu barədə məlumatı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 7-də özünün rəsmi “Twitter” hesabında xalqa çatdırıb.

Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarxac, Qubadlının Qəzyan, Bala Soltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Xocavəndin Moşxamat, Ataqut, Sakuri kəndlərini işğaldan azad edib.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Qeyd edək ki, Vətən torpaqlarını azad edən şanlı Ordumuzun zəfər yürüşündə ilk dəfə Xocalı rayonunun adı çəkilib. Xilaskar Azərbaycan əsgəri artıq Xocalı rayonu ərazisinə də daxil olub.

İrəlidə qala-şəhərimiz Şuşa var.

Ötən müddət ərzində Azərbaycan Ordusu 4-ü şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) olmaqla ümumilikdə 220-dən çox ərazi-inzibati vahidini işğaldan azad edib.

Ötən sutka ərzində düşmən bölmələri cəbhənin müxtəlif istiqamətlərində və Ermənistan ərazisindən Qubadlıda yerləşən bölmələrimizin mövqelərini, o cümlədən Tərtər, Ağdam və Ağcabədi rayonları daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlardan, top və minaatanlardan atəşə tutub. Düşmənin atəş nöqtələrinin susdurulması üçün ordumuz tərəfindən yalnız sərhədlərimiz çərçivəsində adekvat tədbirlər görülür.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 7-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə məlumat verib.

Anar Eyvazov bildirib ki, düşmənin Ağdərə istiqamətində müdafiə olunan 5-ci dağatıcı alayının xeyli sayda şəxsi heyəti, avtomobil texnikası və minaatanları ordumuzun atəş zərbələri ilə məhv edilib. Bu istiqamətdə atış mövqelərinə çıxarılan D-30 haubitsasının şəxsi heyəti bölmələrimizin dəqiq atəşi ilə zərərsizləşdirilib.

Ordumuzun həyata keçirdiyi digər əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayının bir taborunun şəxsi heyəti arasında itkin düşənlər var, artilleriya divizionunda isə bir batareyanın topları sıradan çıxarılıb.

Mətbuat katibi qeyd edib ki, əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edən döyüşlərdə xeyli sayda şəxsi heyət və hərbi texnika itkisi verən düşmən bir qədər də geriyə çəkilməyə məcbur edilib.

“Zəngilanda və işğaldan azad edilmiş digər ərazilərə baxış zamanı əldə olunan sənədlər və digər kəşfiyyat materialları təsdiqləyir ki, Azərbaycan Ordusu təkcə Ermənistan silahlı qüvvələri ilə deyil, həmçinin muzdlu əcnəbilərdən ibarət hərbi qruplaşmalarla da mübarizə aparır. Düşmən bilməlidir ki, nə əcnəbi döyüşçülər, nə də ki hansısa könüllü dəstələr Azərbaycan əsgərini dayandıra bilməz. Sağ qalmaq üçün onların bir yolu var: vaxt itirmədən silahı yerə qoyaraq döyüş meydanını tərk etmək.

Hazırda əməliyyat şəraiti ordumuzun nəzarətindədir. Cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir. Qələbə bizimlədir”, - deyə mətbuat katibi vurğulayıb.