Vətən torpaqlarını Ermənistanın işğalından azad edən Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirir.

Noyabrın 9-da – Dövlət Bayrağı Günündə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Füzuli rayonunun 6,  Xocalı rayonunun 4, Xocavənd rayonunun 5, Cəbrayıl rayonunun 3,  Qubadlı rayonunun 3, Zəngilan rayonunun 2 kəndi – ümumilikdə 23 kəndin işğaldan azad edildiyi xəbərini xalqa çatdırıb.

Bu barədə Prezident İlham Əliyevin rəsmi “Twitter” hesabında məlumat verilib:

"Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Qeyd edək ki, dövlət başçısı noyabrın 7-də şanlı Ordumuzun Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Xocalı rayonlarının 16 kəndini işğaldan azad etdiyini bildirmişdi.

Noyabrın 8-də isə Qarabağın baş tacı – qədim Şuşa şəhəri erməni işğalından azad olunub.

Sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Ordusu 5-i şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa) olmaqla ümumilikdə 240-dan çox ərazi-inzibati vahidini işğaldan azad edib.