Şanlı Azərbaycan Ordusunun noyabrın 8-də bütün xalqımıza yaşatdığı Şuşa zəfərindən sonra cəbhədən ard-arda yeni müjdələr gəlir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 9-da daha 49 yaşayış məntəqəsinin, bir sıra strateji yüksəkliklərin işğaldan azad olunduğunu xalqa çatdırıb. Ordumuz Xocavənd rayonunun 8, Xocalı rayonunun 3, Füzulinin 11, Cəbrayılın 8, Qubadlı rayonunun 12, Zəngilan rayonunun 3 kəndinin,1 qəsəbəsini, həmçinin Vətən müharibəsində ilk dəfə Laçın rayonunun 3 kəndini azad edib.

Prezident İlham Əliyev bu barədə özünün “Twitter” hesabında bildirib. Məlumatda deyilir:

“Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Xatırladaq ki, noyabrın 9-da gündüz saatlarında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Füzuli rayonunun 6,  Xocalı rayonunun 4, Xocavənd rayonunun 5, Cəbrayıl rayonunun 3,  Qubadlı rayonunun 3, Zəngilan rayonunun 2 kəndi – ümumilikdə 23 kəndin işğaldan azad edildiyi xəbərini xalqa çatdırmışdı.

Beləliklə, Şuşa zəfərindən dərhal sonra, bir sutka ərzində Azərbaycan Ordusu ümumilikdə 72 yaşayış məntəqəsini işğaldan azad edib.