Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yeni Güdəcühür qəsəbə Klub-İcma Mərkəzi 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx hazırlayıb.

İcma mərkəzinin müdiri Səbinə İsmayılova qeyd edib ki, Azərbaycan xalqı hazırda qürurlu tarixi günlər yaşayır. Xalqımız Vətən müharibəsində Qələbəni qeyd edir. Üçrəngli bayrağımız yağı tapdağından azad olunan yurd yerlərimizdə dalğalanır: “Bayrağımız milli varlığımızın nişanəsidir. Onun üç rəngi soy-kökümüzdən, inancımızdan güc alaraq tutduğumuz müstəqillik yolunun əlvan rəsmidir. Üzərindəki ay-ulduz gələcəyimizi aydınlığa çıxaran işıqdır. İşğaldan azad edilən yurdumuzun hər qarışı bayrağımızın kölgəsi altında dinclik tapıb. Başımız daim bayrağımızla ucalsın!

Noyabrın 10-da gecə saatlarında Ali Baş Komandanın dilindən Qələbə xəbərini eşidən sabirabadlılar da böyük sevinc yaşayıblar. Qələbə münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə mədəniyyət işçiləri və rayon ictimaiyyəti əllərində üçrəngli bayraq rayonun mərkəzindən Bayraq meydanına yürüş ediblər.

***

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Daş Salahlı kənd 1 saylı kitabxana filialı 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx hazırlayıb.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri də vətənpərvərlik ruhlu videoçarxlar hazırlayıblar. İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Şamaxı Dövlət Rəsm Qalereyasının hazırladığı videoçarxlarda işğaldan azad olunmuş əzəli torpaqlarımız haqqında məlumatlar yer alıb. İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin hazırladığı videoçarxda isə mərkəzin əməkdaşları “Ey Vətən” mahnısını ifa ediblər.

Regional idarənin tabeliyində fəaliyyət göstərən digər müəssisələrdə də qədim və əzəli torpaqlarımızın düşmən tapdağından azad olunması münasibətilə videoçarxlar ərsəyə gətirilib.

NURƏDDİN