Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə Azərbaycanın qələbəsi ilə bağlı bayram tədbiri keçirib. Tədbirdə Özbəkistanın mədəniyyət xadimləri, Daşkənddə yaşayan soydaşlarımız, azərbaycanlı tələbələr, jurnalistlər iştirak edib.

Əvvəlcə səfir Hüseyn Quliyev və digər iştirakçılar ulu öndər Heydər Əliyevin AMM-in binası qarşısındakı abidəsi önünə çiçək dəstələri düzüb. Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra Hüseyn Quliyev tədbirə toplaşanları təbrik edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən ədalətli və şərəfli müharibədən danışıb, işğal altında olan torpaqlarımızın azad olunmasında əsgərlərimizin şücaəti haqqında söhbət açıb. Qeyd edib ki, ümumiyyətlə, 300-dən artıq yaşayış məntəqəsi düşmən tapdağından azad olunub. Qədim Şuşa şəhərinin azad olunması isə bir ayrı qəhrəmanlıq salnaməsidir.

Bayram tədbiri Azərbaycan və özbək sənətçilərin ifasında musiqinin sədaları altında davam edib. AMM-in nəzdindəki “Azərbaycan qızları” ansamblının üzvləri qədim rəqslərimizi, İlham Abdullayev sazda el havalarını ifa  edib.

Azərbaycan Ordusunun möhtəşəm zəfəri, Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın birliyinin uğurlu nəticəsi olaraq iştirakçılar Vətən torpaqlarının azad olunması münasibətilə bir-birlərini təbrik ediblər.