G-20 ölkələri liderlərinin noyabrın 22-də keçiriləcək və mədəni iqtisadiyyat məsələlərinin də müzakirə olunacaq sammiti ərəfəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim Əl-Malik dörd maddədən ibarət təkliflər planının həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Baş direktor ÜDM-in 3 faizini təşkil edən və 30 milyon insanın çalışdığı mədəni iqtisadiyyat sahəsinin də COVİD-19 pandemiyası nəticəsində ciddi zərərə uğradığını diqqətə çatdırıb.

Salim Əl-Malik bildirib ki, gələn il İCESCO tərəfindən Beynəlxalq İncəsənət Mərkəzinin yaradılması layihəsinə start veriləcək.

Təşkilatın təkliflər planına mədəniyyət sahəsində rəqəmsal sektorun təsisi, audiovizual və interaktiv media sahəsində islahatlar aparılması, maddi və qeyri-maddi mədəni irs nümunələrinin mədəni turizmdə daha geniş istifadəsi, istedadlı yeniyetmələr və gənclərin yaradıcılığını dəstəkləyəcək fondların yaradılması üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi daxildir.