İşğalçıların zəbt olunmuş torpaqlardan çıxması da vandalizmlə müşayiət olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir. Ermənistan Kəlbəcər rayonunun tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 15-də keçirilən brifinqdə bildirib.

Hikmət Hacıyev deyib: “Bəyanatın tələblərindən biri ermənilərin noyabrın 15-dək Kəlbəcərdən çıxarılmasıdır. Lakin Ermənistan tərəfi Rusiya vasitəsilə bu vaxtın uzadılması üçün müraciət edib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”.

Ermənistan silahlı qüvvələrinin noyabrın 20-də Ağdamdan, dekabrın 1-dək isə Laçından çıxarılması qrafiki olduğu kimi saxlanılır.

Prezidentin köməkçisi qeyd edib ki, işğal olunmuş Kəlbəcər rayonunda erməni əhalinin məskunlaşması tamamilə qanunsuzdur. Ona görə ermənilərin orada olan hər hansı bir mülkiyyətin heç bir hüquqi qüvvəsi yoxdur.

“Ərazini tərk edən ermənilər Kəlbəcərdəki mülki obyektləri yandırır, bu, xarici medianın görüntülərində də əksini tapır. Ermənilər ətraf mühitə və mülki obyektlərə ziyan vururlar. Ətraf mühitə vurulan zərərin, ekoloji terrorun qarşısı alınmalıdır. Ərazidə inşa edilmiş tikililər də qeyri-qanunidir. Son məqamda da bu ərazilərin işğaldan azad edilməsi prosesində maddi mədəniyyət abidələrinə zərərlərin vurulması həyata keçirilir”, - deyə o bildirib.

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. 30 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurası bununla bağlı 822 saylı qətnamə qəbul edib. Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Ermənistan tərəfi nəinki bu qətnaməyə əməl etməyib, üstəlik, sonrakı illərdə Kəlbəcərdə ermənilərin məskunlaşdırılmasına başlanılıb.