Beynəlxalq Muğam Mərkəzi Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə “Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb. Layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan əsgərlərimizin qəhrəmanlığını tərənnüm, vətənpərvərlik hisslərini təbliğ etməkdir.

Müasir Azərbaycan tarixinin taleyüklü, zəfər dolu günlərində şanlı Ordumuza dəstək məqsədilə lentə alınan 3 hissəli videoçarxda muğam ifaçıları Ali Baş Komandana və Silahlı Qüvvələrimizə dəstəklərini ifadə edirlər. Vurğulanır ki, Qarabağın azadlığı uğrunda ümummilli həmrəyliyimiz bizi bu xoşbəxtliyə qovuşdurdu. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşdu, Qarabağın keçilməz dağlarında qanları ilə tarix yazdı. Dədə-baba torpaqlarımız erməni vandallarının əsarətindən azad olaraq doğma Azərbaycana qovuşdu.

 “Qarabağ Azərbaycandır!” videoçarxında Xalq artistləri Ramiz Quliyev, Möhlət Müslümov, Fikrət Verdiyev, Mənsum İbrahimov, Teyyub Aslanov, Munis Şərifov, Gülyanaq Məmmədova, Fəxrəddin Dadaşov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Elnur Zeynalov, Səbuhi İbayev, BMM-nin solistləri Rövşən Qurbanov, Könül Xəlilzadə, Səbinə Ərəbli , Elgiz Əliyev və digər xanəndələriin çıxışları yer alıb.

Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi doğma torpaqlarımızdan kadrların da yer aldığı videoçarxı BMM-nin “Youtube” və sosial şəbəkə hesablarından izləmək mümkündür.